Kreml "dünyanın sonu"na imza atacaq? - TƏHLIL  

10:20 03.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə uzandıqca Qərbin Kiyevə hərbi dəstəyi getdikcə artır. Tək ABŞ altı ay ərzində Ukraynaya 20 milyard dollara yaxın hərbi yardım edib. Təbii ki, bu cür vəziyyət Rusiyanı cəbhədə çıxılmaz vəziyyətə salıb. Hərbi kontingent qarşısına qoyduğu hədəfləri bir neçə dəfə dəyişmək məcburiyyətində qalıb. Rusiyada,  hətta II Dünya müharibəsindən sonra ilk dəfə səfərbərlik elan edildi. İndi isə Kremldə son çarə olaraq nüvə təhdidi işə salınıb. Bütün dünyanın ən çox müzakirə etdiyi məsələ də Rusiyanın Ukraynada nüvə silahı tətbiq edə biləcəyi ehtimalıdır.    

“New York Times” qəzeti ilk dəfə olaraq öz mənbələrinə istinadən yazır ki, rusiyalı generallar arasında Ukraynaya qarşı nüvə silahının tətbiqi ilə bağlı danışıqlar olub. Qəzet qeyd edir ki, bu müzakirələr prezident Vladimir Putin səviyyəsinə çatdırılmayıb.

ABŞ administrasiyasındakı bir neçə mənbənin bildirdiyinə görə, Rusiyanın yüksəkrütbəli hərbi rəsmiləri Moskvanın Ukraynada taktiki (nisbətən aşağı məhsuldar) nüvə silahlarından nə vaxt və necə istifadə edə biləcəyini müzakirə ediblər. ABŞ hökuməti bundan oktyabrın ortalarında xəbər tutub və nəşrin yazdığına görə, müzakirələr “bu yaxınlarda” baş tutub.

Məqalədə deyilir ki, Vladimir Putin bu müzakirələrdə iştirak etməyib. Nəşr qeyd edir ki, bu cür müzakirələrin özü rus generallarının quru əməliyyatının nəticələrindən nə qədər məyus olduğunu göstərir və Vladimir Putinin nüvə silahından istifadə ilə hədələmələri sadəcə söz olmaya bilər.

Eyni zamanda NYT-nin yüksək rütbəli amerikalı həmsöhbətləri Rusiyanın nüvə silahlarını daşıdığına və ya zərbəyə hazırlaşmaq üçün başqa addımlar atdığına dair heç bir sübut görmədiklərini bildiriblər. Pentaqonun hesablamalarına görə, Rusiyanın arsenalında 2000-ə qədər taktiki nüvə silahı var. Belə silahlardan heç vaxt döyüş meydanında istifadə olunmayıb.

Rusiyanın Ukraynaya hücumunun başlanğıcında Rusiyanın taktiki və ya kiçik nüvə silahlarından istifadə etməsi bütün tərəflər tərəfindən dilə gətirildi. Dövlət Dumasının deputatları və Çeçenistan rəhbəri Ramzan Kadırov belə bir addım atmağa çağırıb, Ukrayna prezidenti Vladimir Zelenski və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu riskin ciddiliyi barədə xəbərdarlıq ediblər.

Nüvə silahının mümkün istifadəsi barədə söhbət Rusiya bir neçə dəfə Xarkov vilayətində, sonra isə Xerson vilayətində məğlubiyyətə uğradıqdan sonra güclənib.

Vladimir Putin dəfələrlə nüvə silahından istifadə ilə bağlı üstüörtülü hədələr səsləndirib. “Əgər onun ərazi bütövlüyü təhlükə altına düşərsə, Rusiya bütün mümkün vasitələrdən istifadə edəcək, bu blef deyil”, - Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edilən zaman televiziya ilə çıxışında deyib.

Ərazi bütövlüyünə təhlükə həm də Ukraynanın müharibənin əvvəlində Rusiyanın bir hissəsini işğal etdiyi və payızda ilhaq etdiyi Xerson vilayətində əks-hücum keçirməsi demək ola bilər.

Oktyabrın sonunda Rusiya strateji nüvə qüvvələri ilə kütləvi nüvə zərbəsi endirmək üçün təlimlər keçirib. Təlimlər Moskvanın Ukraynanı “çirkli bomba” yaratmaqda ittiham etməsi fonunda baş tutub.

Oktyabr ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu tez-tez ABŞ, Böyük Britaniya və Fransanın hərbi idarələrinin rəhbərlərinə zəng edərək, Ukraynanın istifadə etməyə hazırlaşdığı iddia edilən “çirkli bomba” haqqında danışırdı. Kiyev kimi Qərb dövlətləri bu ittihamları yalan adlandırırlar.

Lakin ötən həftə Putin Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsinin mənasız olduğunu bildirib.

"Nüvə təhlükələri ilə bağlı bugünkü hay-küyün məqsədi primitivdir: Qərbin indiyə qədər hamıya təzyiq etmək cəhdi heç bir nəticə vermir və onlar yeni arqumentlər axtarırlar. Rusiya nüvə silahından istifadənin mümkünlüyü barədə heç vaxt birbaşa danışmayıb, yalnız eyham vurub”,  - Putin bildirib.

ABŞ administrasiyasının rəsmiləri NYT-yə bildiriblər ki, onlar hələ də Vladimir Putinin taktiki nüvə silahından istifadə etməyi planlaşdırdığını düşünmürlər. Çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Rusiya nüvə müharibəsinin yolverilməzliyi prinsipini ciddi şəkildə rəhbər tutur.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ və NATO rəhbərliyi nüvə silahı tətbiq ediləcəyi təqdirdə, Ukraynadakı münaqişənin tamamilə yeni bir səviyyəyə keçəcəyi, hətta Rusiyanın ağır zərbələr alacağına dair xəbərdarlıq etmişdilər. Ssenarilərə əsasən NATO qüvvələrinin güclü hücumu ilə ilk olaraq Rusiyanın Ukraynadakı bütün hərbi qüvvələri məhv edilir, ardınca isə Qara Dəniz Donanması tamamilə sıradan çıxarılır, hətta Rusiyanın özünə qarşı nüvə silahı tətbiq edilməsi ehtimalı da səsləndirilir. Bu təhdidlərin yersiz olmadığını göstərmək üçün ABŞ özünün ən elit dəstələrini hərbi təlimlər adı altında müvəqqəti olaraq Rumıniyaya, Ukrayna ilə sərhəddin bir neçə kilometrliyinə belə yerləşdirmişdi.

Təbii ki, proseslərin hansı istiqamətdə davam edəcəyini, Ukraynadakı indi pat vəziyyətinə düşmüş hərbi qarşıdurmanın necə irəliləyəcəyini nəzərə alaraq nüvə silahının tətbiqi ehtimalı riskinin masa üzərində olduğunu söyləyə bilərik. Kreml rəhbərliyinin "dünyanın sonu"na imza atıb-atmayacağını isə zaman göstərəcək.

Siyasət rubrikasından digər xəbərlər